Nizami rayonu Rüstəm Rüstəmov küçəsi uzun müddətdir ki, təmir olunmadığı üçün avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində çətinliklər yaranırdı. Artıq bu problemin aradan qaldırılması istiqamətində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən işlərə başlanılıb.
Uzunluğu 3.7 km. ( 1.85 km. x 2 ), ümumi eni isə 27,5, hərəkət hissəsinin eni 24 metr olan küçədə təmir-tikinti işlərinə start verilib. Küçə hər bir istiqamətə 3 olmaqla, 6 hərəkət zolağından ibarətdir.
Təmir-tikinti işləri çərçivəsində hazırda küçə boyu hazırda köhnə səki daşlarının sökülməsi işləri aparılır. Söküntü işləri yekunlaşandan sonra küçəyə 8 min p/m yeni səki daşının düzülməsi və köhnə asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi işləri həyata keçiriləcək. Ümumilikdə küçənin 100 min m2 –dən çox ərazisinin asfaltlanması nəzərdə tutulub.
Bundan başqa yoldan səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi tam işlək vəziyyətə salınacaq, yağış barmaqlıqları yenilənəcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulacaq. Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanacaq.
Qeyd edək ki, Rüstəm Rüstəmov küçəsi Mikayıl Əliyev küçəsi ilə kəsişmədən başlayaraq, Bəkir Çobanzadə küçəsi və Qara Qarayev prospektlərindən keçərək Sabunçu rayonu Ramiz Qəmbərov küçəsinədək ( Bakıxanov qəsəbəsinə düşən yol ) uzanır. Bir sözlə Rüstəm Rüstəmov küçəsi avtonəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ərazidə yerləşməklə mühüm əhəmiyyətə malik küçələrdən biridir.