Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, son illər ərzində Bakı şəhərinin və onun qəsəbələrinin yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində, avtomobil yollarının və yol qurğularının tikintisi, yenidənqurulması işlərinin həcmi ildən-ilə artmaqdadır. Belə layihələrdən biri də Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsinin yenidənqurulması layihəsidir.
Bakı şəhərinin Heydər Əliyev prospekti ilə Babək prospektini birləşdirən, yerləşdiyi ərazidə Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, Milli Gimnastika Arenası kimi çox böyük sənaye və idman obyektləri, habelə əhalinin istifadə etdiyi kütləvi tədbirlərin keçirildiyi çoxsaylı obyektlər yerləşən və nəqliyyatın intensiv hərəkəti olan Mikayıl Əliyev küçəsi, uzun illərdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi demək olar ki, tamamilə sıradan çıxmışdır.
Mikayıl Əliyev küçəsinin şəhərin nəqliyyat sistemindəki əhəmiyyətini nəzərə alaraq “Azəravtoyol” ASC tərəfindən küçənin yenidənqurulması işlərinə başlanılmış və qısa müddət ərzində başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir.
Küçənin səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin olmaması yolda müəyyən problemlərə gətirib çıxarırdı. Həm yolun asfalt-beton örtüyü tez sıradan çıxırdı, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı. Bütün bunları nəzərə alaraq “Azəravtoyol” ASC tərəfindən küçədə 2 kilometrdən artıq yeni yağış-kanalizasiya sistemi qurulmuşdur. Zəruri olan yerlərdə yağış barmaqlıqları qoyulmuş, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənmışdir. Bununla da Mikayıl Əliyev küçəsində səth suları problemi köklü şəkildə aradan qaldırılmışdır.
Yolun hərəkət hissəsinin yenidən qurulması zamanı köhnə asfalt örtüyü qaşınaraq, ərazidən daşınmış, zəruri olan yerlərdə yol yatağı bərkidilmış, 2 qat olmaqla (7+5 sm) 66,5 min kvadrat metr sahəyə 20 min tona yaxın yeni asfalt-beton örtüyü döşənmışdir.
Mikayıl Əliyev küçəsində vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün piyada səkilərinin olmaması problemi həll edilmişdir. Belə ki, yenidənqurma işləri çərçivəsində yolboyu hər iki istiqamətdə 1,5 metr enində yeni piyada səkiləri yaradılmış, səkilərin kənarlarına 6 min paqon metrə yaxın səki daşları düzülmüşdür. Yolboyu 81 ədəd işıq dirəyi quraşdırılaraq, yeni işıqlandırma sistemi yaradılmışdır.
Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində Cəmiyyət tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə Rüstəm Rüstəmov küçəsi və Babək prospekti ilə kəsişmələrdəki bir səviyyəli dairə şəkilli yol qovşaqları da yenidənqurulmuş, zəruri olan yerlərdə yol nişanları quraşdırılmış, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılmışdır.
Küçənin yenidənqurulması, şəhərin mərkəzilə 450 min nəfərdən çox əhalinin yaşadığı 8-ci kilometr, Əhmədli və Günəşli kimi qəsəbələr arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırmağa imkan vermişdir.
Küçənin əsas göstəriciləri:
- Küçənin ümumi uzunluğu – 2800 metr;
- Küçənin eni 20 - 26,5 metr ;
- Hərəkət zolaqlarının sayı – 4-6 ədəd;
- Səkilərin eni 1,5 metr (yolun hər 2 tərəfində).
Yerinə yetirilmiş iş həcmləri
- Köhnə asfalt-beton örtük frez maşını ilə qaşınaraq daşınmışdır - 12 min ton;
- Beton səki daşları quraşdırılmışdır – 6 min pm;
- yağış-kanalizasiya sistemi qurulmuşdur– 2 min pm;
- 2 laydan ibarət qalınlığı 12 sm asfalt-beton örtük tikilmişdir – 66,4 min m2
- Asfalt-beton qarışığı sərf edilmişdir -20 min ton;
- Yeni səki tikilmişdir – 6,3 min m2;
- Yeni işıq dirəyi quraşdırılmışdır - 81 ədəd;
- Yol nişanları quraşdırılmışdır - 21 ədəd;
- Üfüqi yol nişanlama xətti çəkilmişdir - 12 min pm.