Suraxanı rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı SƏRƏNCAM

7 Sentyabr 2022- 14:23
11 Suraxanı rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı

Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Suraxanı rayonunun Bülbülə, Əmircan, Hövsan, Qaraçuxur, Yeni Suraxanı və Zığ qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,6 milyon (dörd milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2022-ci il