Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Müzəffər Nərimanov küçəsinin təmiri işləri yekunlaşıb.
Uzunluğu 1830 metr təşkil edən sözügüdən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Sözügedən küçədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Bundan başqa mövcud piyada səkilərinin dağılmış vəziyyətdə olması vətəndaşların yolun kənarı ilə rahat şəkildə hərəkətinə maneə yaradırdı. Aparılmış təmir işləri ilə sözügedən problemlər tam olaraq aradan qaldırılıb.
Ortalama eni 17.5 metr təşkil edən Müzəffər Nərimanov küçəsində aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 6983 kv.m sahədə bərpa olunub, 4582 p/m yeni səki daşları düzülüb. Küçəboyu 32 yeni yağış barmaqlıqları quraşdırılıb. Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə 33222 kv.m ərazidə təmir işləri aparılıb.
Küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki, aparılan təmir işləri çərçivəsində hərəkətin təşkilində müəyyən dəyişikliklər edilməsi nəzərdə tutulub. Belə ki, layihəyə əsasən Müzəffər Nərimanov küçəsinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yerləşən dairə ləğv edilib. Yaxın müddət ərzində sözügedən hissədə aidiyyəti qurumlar tərəfindən hazırlanan layihə əsasında işıqforların quraşdırılması planlaşdırılır.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.
YOLUNUZ AÇIQ OLSUN...