Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Fətəli xan Xoyski prospektinin təmirinə başlanılıb. Təmir işləri ilkin olaraq prospektin Əhmədbəy Ağaoğlu və Koroğlu Rəhimov küçələri arasında olan hissəsində aparılır.
Prospektdə aparılan təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq əsasən gecə saatlarında və həftəsonları icra olunacaq. Zərurət yarandığı hallarda isə gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz satlarında da davam etdirilərək qısa müddətdə yekunlaşdırılacaq. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunaraq, zəruri hallarda iki növbəli iş qrafiki tətbiq ediləcək.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri icra olunur. Yaxın günlərdə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Ümumilikdə təmir işlərinin icra olunduğu hissəinin uzunluğu təqribən 560 metr, sahəsi isə 20 min kv.m-ə yaxındır.
Sözügedən hissədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Başlanılmış təmir işləri ilə sözügedən problem tam olaraq aradan qaldırılacaq.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunur.
Təmir işləri icra olunan müddətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ərazidə hərəkətin təhlükəsizliyi və faziləsizliyi təmin olunacaq.
Aparılan təmir işləri bitəndən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq prospektin sözügedən hissəsi müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Növbəti mərhələlərdə prospektin digər hissələrinin də təmiri nəzərdə tutulur.
Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.
YOLUNUZ AÇIQ OLSUN...