Dövlət başçısının sərəncamına əsasən Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun yenidən qurulması davam etdirilir. Yolun uzunluğu 31 km təşkil edir.
Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir. 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən bu yolun 11 km hissəsi köhnə, yararsız asfalt örtüklü, 20 km-lik hissəsi isə torpaq əsaslı yoldan ibarət idi. Sözsüz ki, bu, vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda IV texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla təkmilləşdirilən yolun yenidən qurulması ilə bu problemlər geridə qalır.
Tikinti layihəsinə uyğun hazırda yolboyu torpaq işləri, yol yatağı və yol əsasının inşası aparılır, yolun 4.2 km-lik hissəsində dördbucaqlı su keçidinin tikintisi işləri davam edir.
Artıq yolun 26 km-lik hissəsinə 2 qat yeni asfalt-beton örtüyü döşənib. 5 km-lik hissədə isə asfalt örtüyünün alt layının döşənməsi işləri yekunlaşmaq üzrədir.
Sadalanan işlərə paralel olaraq yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 ədəd suötürücü boruların quraşdırılması işləri sona çatdırılıb.
Layihə çərçivəsində yolun 25-ci km-də yerləşən mövcud 2 bir aşırımlı avtomobil körpülərinin bərpası icra olunub. Hazırda yolboyu zəruri yerlərdə beton maneələrin tikintisi aparılır.
Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri icra olunacaq.
Avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.
YOLUNUZ AÇIQ OLSUN...