Ölkə ərazisində müasir yol infrastrukturunun yaradılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan böyük miqyaslı tikinti və bərpa işləri davam edir.
Bu çərçivədə hazırda Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı olan 27 km uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri mindən çox əhalinin yaşadığı 9 kəndi birləşdirir. Torpaq əsaslı yol sözsüz ki, kəndlər arasında nəqliyyat əlaqəsini çətinləşdirir, gediş-gəlişdə problemlərə səbəb olurdu.
Əsaslı şəkildə bərpasına ehtiyac olan yolun eni 7 metrə qədər genişləndirilir.
Ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri görülür.
Tikinti işləri çərçivəsində suların ötürülməsini təmin edən suötürücü dəmir-beton boruların bərpası və inşası da həyata keçirilir.
Texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq yol əsasının tikintisi, ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq.
Sonda yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanlarının, km göstəricilərinin və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görüləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında mövcud olan tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
YOLUNUZ AÇIQ OLSUN...