“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ı çərçivəsində Səbail rayonu Badamdar qəsəbəsi Əziz Nəzərov küçəsində təmir-tikinti işləri aparılıb.
Əziz Nəzərov küçəsinin uzunluğu 1 km, ortalama eni isə 10 m-dir.
Uzun müddət küçənin təmir olunmaması nəticəsində asfalt-beton örtüyündə yaranmış qabarma və dağılmalar avtonəqliyyat vasitələrinin normal hərəkətinə mane olurdu.
Aparılan təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə küçənin 10 min m2 sahəsi 2 qat olmaqla asfatlanıb.
Bundan başqa aparılmış işlər çərçivəsində yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 59 ədəd baxış qapağı yenilənib. Vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, səkilərin kənarına ümumilikdə 2 min p/m yeni səki daşı düzülüb.
Əziz Nəzərov küçəsi bu gündən etibarən tam yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.