Nərimanov rayonunda Əliəşrəf Əlizadə küçəsinin təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO

5 Oktyabr 2022- 15:36

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər  icra olunur. Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, 1230 metr uzunluğa malik  Əliəşrəf Əlizadə küçəsinin təmiri yekunlaşmaq üzrədir.

Ortalama eni 9 metr olan küçədə aparılan təmir çərçivəsində mövcud piyada səkiləri 5602 kv.m sahədə bərpa olunub, 2827 p/m yeni səki daşları düzülüb.

Daha sonra küçəboyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 

Hazırda təmir işləri rayonun Tələt Şıxəliyev  və Məsud Əlizadə küçələrində də aparılır. 

Cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. 

 

YOLUNUZ AÇIQ OLSUN...