Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Bu istiqamətdə rayonun M. Ə. Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunda təmir işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 3.21 km olan yolda aparılan işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla həyata keçirilir.
Ərazidə yeni səki daşlarının düzülməsi işləri icra olunur. Buna paralel olaraq yolboyu köhnə asfalt örtüyünün frezlənməsi işləri də aparılır.
Hərəkət intensivliyi nəzərə alınaraq təmir işləri yolda hərəkət məhdudlaşdırılmadan icra edilir. Yalnız təmir işlərinin icra edildiyi hərəkət zolaqları üzrə hissə-hissə qismən məhdudlaşdırma tətbiq edilir. Bu üzdən sürücülərdən təmir işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Təmir işləri çərçivəsində yolboyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılması, əks-dolğu və yeni asfalt örtüyünün döşənməsi işləri də görülərək, yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...