Paytaxtda daha bir ərazidə yerüstü piyada keçidi inşa edilir VİDEO/FOTO

12 Oktyabr 2022- 15:50

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin etmək məqsədi ilə paytaxt ərazisində daha bir yerüstü piyada keçidi inşa edilir.

Yeni yerüstü piyada keçidi piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də tikilir.   

Layihə üzrə keçidin uzunluğu 53.4 metr, daxili eni 3.5 metr, pilləkən və pandusların eni 1.35 metrdir. 

Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarət olacaq. 

Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. Keçidin metal konstruksiya hissəsi zavod şəraitində hazırlanır.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq. 

Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub. 

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə piyada keçidlərinin inşası aparılacaq.

YOLUNUZ AÇIQ OLSUN...