Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 1400 metr uzunluğa malik Cavanşir küçəsinin əsaslı təmiri davam edir.
Sözügedən küçə torpaq əsaslı və deformasiyaya uğramış asfalt örtükdən ibarət olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılır.
Təmir işləri çərçivəsində küçəboyu frezlənmə işləri yekunlaşıb, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda ərazidə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri aparılır. Bu istiqamətdə küçəboyu 2800 p/m yeni bordür, 762 p/m yeni səki daşları düzüləcək.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib.
Ardıcıllığa uyğun şəkildə kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunacaq.
Sonuncu mərhələdə küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN...