Binəqədi rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı SƏRƏNCAM

18 Oktyabr 2022- 14:02
11 Binəqədi rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı

Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,3 milyon (beş milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2022-ci il