Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun Şükürbəyli–Cəbrayıl hissəsi istifadəyə verilib

19 Oktyabr 2022- 14:57
11 Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun Şükürbəyli–Cəbrayıl hissəsi istifadəyə verilib

Oktyabrın 19-da Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14.2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun texniki göstəriciləri və görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 14 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Yolun üzərində yerləşən 6 körpünün tikintisi başa çatıb.

Məlumat verildi ki, həmçinin yol boyunca 45 dairəvi suötürücü boru, 49 ehtiyat keçid borusu, 25 düzbucaqlı suötürücüsü, 7 düzbucaqlı heyvan keçidi tikilib, 366 metr uzunluğunda beton, 1620 metr daş istinad divarları çəkilib, 18 avtobus dayanacağı quraşdırılıb.

Qeyd edək ki, bu yol Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində inşa olunub.