Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə yenidən qurulması artıq yekunlaşmaq üzrədir.
Sözügedən yolun uzunluğu 6.8 km, eni 32 metr təşkil edir. 4-6 hərəkət zolağından ibarət olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hər bir istiqamət üzrə yol çiyinlərinin eni isə 3 metrdir.
Layihəyə uyğun olaraq yolboyu kommunikasiya xətlərinin köçürülməsi, yararsız qruntun qazılaraq çıxarılması, əks dolğu işləri aparılmaqla kipləşdirmə, həmçinin suötürücü boruların inşası artıq yekunlaşdırılıb. Ümumilikdə 300 metr uzunluğunda istinad divarlarının və yağış sularının ötürülməsi üçün 1 km uzunluğunda beton küvetlərin tikintisi aparılıb.
Yolun Hövsan qəsəbəsi istiqaməti üzrə layihədə nəzərdə tutulan bütün işlər artıq yekunlaşıb. Adıçəkilən hissədə yola 4 qat və 27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi icra olunub, yolayrıcı zolaqlarda və zəruri yerlərdə 2500 p/m yeni səki daşı düzülüb, işıq dirəkləri quraşdırılıb.
Yolun Zığ qəsəbəsi istiqaməti üzrə isə işlər yekunlaşmaq üzrədir. Belə ki, yolda nəzərdə tutulmuş qalınlıqda asfaltlanma işləri aparılaraq yekunlaşıb. Hazırda sözügedən istiqamət üzrə yol çiyinlərinin bərkidilməsi istiqamətində işlər davam etdirilir.
Yenidənqurma işləri çərçivəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə 3 yerdə, yolun 1.8, 2.2 və 4.4-cü km-lik hissələrində yerüstü piyada keçidlərinin inşası və 9 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri də tamamlanmaq üzrədir.
Son mərhələdə siqnal dirəklərinin, zəruri yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin davam etdirilib yekunlaşdırılması ilə yol müasir görkəmdə cari ilin sonunadək vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, Zığ-Hava limanı yolundan Zığ-Suraxanı və yeni qurulan Zığ-Hövsan yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə layihə çərçivəsində yeni dairə və yol hissəsi də inşa edilib.
YOLUNUZ AÇIQ OLSUN...