Qəbələdə 10 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulub VİDEO/FOTO

27 Oktyabr 2022- 16:30

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı" Dövlət Proqramına uyğun olaraq, Qəbələ rayonunda 25 km uzunluğa malik və 4 istiqamət üzrə 10 yaşayış məntəqəsini əhatə edən yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması işləri yekunlaşıb.

Bu Bunud-Həzrə (5.3), Zarağan-Aydınqışlaq (3.2 km), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10.4 km) və Şamlı-Tola (6,1 km) avtomobil yollarıdır.  

Torpaq və çınqıl örtüklü avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol örtüyündə əmələ gələn çalalar, çökmələr və qabarmalar istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu. 

Sadalanan qüsurların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri ilə IV texniki dərəcəyə uyğun yenidən qurulan yolların hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 9-10 metr təşkil edir.

“İnşaat Norma və Qaydaları”na uyğun aparılan işlər çərçivəsində yolboyu yararsız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi, yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi həyata keçirilib. 

Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra lazımi hündürlükdə optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi, yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. 

Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılıb.

Beləliklə ümumi uzunluğu 25 km-dən çox olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

YOLUNUZ AÇIQ OLSUN...