Azadlıq prospektinin bir hissəsi təmir edilərək açıldı - VİDEOREPORTAJ / FOTOLAR

23 May 2016- 00:00
11 Azadlıq prospektinin bir hissəsi təmir edilərək açıldı - VİDEOREPORTAJ / FOTOLAR

              

             Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən Azadlıq prospektinin bir hissəsi təmir olunaraq sürücülərin ixtiyarına verilib.

 

 

            Təmir olunmuş hissənin uzunluğu təqribən 500 metrdir və Ziya Bünyadov prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişmələri arasında yerləşir.

 

 

            Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə 11 min m2 ərazi asfaltlanıb.

 

 

            Bundan başqa təmir işləri zamanı səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi və yağış barmaqlıqları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və 1 min p/m köhnə səki daşları yeniləri ilə əvəzlənib. 

 

 

            Prospektin təmir işləri aparılan hissəsində yerləşən köhnə avtobus dayanacaqlarının ərazisi genişləndirilərək xüsusi “cib”li dayanacaqlar yaradılıb. “Cib”li dayanacaqların uzunluğu 20 metr, eni isə 3,5 metrdir.

 

 

            Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və yolun hərəkət hissəsinə yol cizgi, yol göstərici xətlərin çəkilişi işləri də aparılıb.

 

 

            Hazırda prospektin digər hissələrində təmir-tikinti işləri davam etdirilir. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

           

            Qeyd edək ki,ilkin mərhələdə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Biləcəri-Baksol avtomobil yolunun kəsişməsinədək olan 3,2 kilometrlik hissəsinin təmir olunması planlaşdırılır.