Nərimanov rayonunda Məsud Əlizadə küçəsinin təmiri yekunlaşmaq üzrədir VİDEO/FOTO

5 Noyabr 2022- 09:00

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, hazırda təmir işləri rayonun 1620 metr uzunluğa malik Məsud Əlizadə küçəsinin təmiri yekunlaşmaq üzrədir.


Təmir çərçivəsində hazırda küçəboyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin bərpası, səki və bordür daşlarının yenilənməsi işləri aparılıb.

Daha sonra zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri görülüb. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam edir. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 

Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. 

Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.

YOLUNUZ AÇIQ OLSUN...