Cari ildə Xətai rayonu üzrə 13 km-dən çox küçə təmir edilib VİDEO/FOTO

6 Dekabr 2022- 11:13

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Xətai rayonunda ümumi uzunluğu 13 260 metr olan 9 küçədə təmir işləri icra olunub. 

Bu çərçivədə təmir işləri Şirin Mirzəyev (660 metr), Corat (1420 metr), Oksigen (900metr), Şahin Səmədov (1250 metr), Cavanşir (1400 metr), Nazim Şükürov (980 metr), ümumi uzunluğu 5000 metr olan Elvin Şükürlü və Zeytunluq küçələrində, həmçinin Boru keçidinin döngələrində (1650 m) aparılıb. 

Sözügedən küçələrdən bəziləri deformasiyaya uğramış asfalt örtükdən, bəziləri isə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problemlər aradan qaldırılıb, adıçəkilən ərazilərdə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib. 

Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41.5 km, 2021-ci ildə isə 14.2 km uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb. 

YOLUNUZ AÇIQ OLSUN...