"Zığ dairəsi"ndə yeni yerüstü piyada keçidinin inşası davam etdirilir VİDEO/FOTO

21 Dekabr 2022- 10:31

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.


Bu istiqamətdə Zığ dairəsinin yaxınlığında yeni yerüstü piyada keçidinin tikintisi davam edir.
 
Layihə üzrə keçidin uzunluğu 52.55 metr, aşırım hissəsinin uzunluğu 46.95 metr, eni 2.83 metr, pilləkənlərin eni 2.7 metrdir. 
 
Yol səviyyəsindən hündürlüyü 5.7 metr təşkil edən keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
 
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub. 

Artıq keçidin dayaq hissələrinin beton və metal işləri, aşırım hissəsinin metal konstruksiyasının bir hissəsi üzrə işlər tamamlanmışdır.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək. 

YOLUNUZ AÇIQ OLSUN...