21 iyun axşam saatlarından etibarən Bakı-Şamaxı- Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsi ilə, daha dəqiqi “Ağsu dolayları” ilə kütləsi 3500 kq- dan, hündürlüyü də 2,75 m-dən çox olan yük maşınlarının hərəkətinə məhdudiyyət qoyulacaq.
Bununla bağlı olaraq sabah səhər saatlarından etibarən həm Şamaxı rayonu, həm də Ağsu rayonu istiqamətindən müvafiq yol nişanlarının və dolaylara girişdə hündürlüyü məhdudlaşdıran xüsusi maneələrin quraşdırılmasına başlanılacaq. Axşam saatlarında bununla bağlı işlər bitəndən etibarən yük maşınlarının dolaylarla hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
“Ağsu dolayları” ilə sözügedən məhdudiyyətin tətbiq edilməsi həm yük maşınları sürücülərinin özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyır. Çünki Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsi enişli-yoxuşlu, sərt döngəli bir yoldur. Bu üzdən yük maşınlarının bu hissə ilə hərəkəti təhlükəli sayılır.
Yük maşınlarının sürücülərindən alternativ olaraq Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarından, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan istifadə etməkləri tövsiyyə olunur.