Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, onların xatirələrini dərin ehtiramla yad ediblər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən şənbə gecəsində törədilən dəhşətdən düz 33 il keçsə də, nə düşmənin amansızlığı, nə də qanları ilə adlarını tarixə yazan, azadlıq yolunda ölümə sinə gərərək Şəhidlik zirvəsinə qalxan Vətən övladları unudulmayıb.
Bu tarix Azərbaycanın milli-azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biri, xalqımızın qızıl hərflərlə yazılan qəhramanlıq tarixidir. Bu səbəbdən hər bir Azərbaycan vətəndaşının qəlbində şəhidlərimizə dərin ehtiram, minnətdarlıq var. Şəhidlər Xiyabanı isə hər birimizin müqəddəs and yerinə çevrilib.
Millət olaraq necə möhkəm, qorxmaz olduğumuzu, Vətəni, onun hüriyyətini hər şeydən vacib hesab etdiyimizi öz canları bahasına sübut edən mərd Vətən övladlarının öz cəsarəti ilə azadlığa, bütün Azərbaycana çevrildiyi tarixi, əliyalın halda tankın, zirehli texnikanın qabağına çıxıb ölümün gözünə dik baxaraq, əsarətə meydan oxuyan Şəhidlərimizi qürurla, cəsarətlə, fəxrlə anırıq!