Magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Bu istiqamətdə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 46,9-cu km-də yerüstü piyada keçidinin inşası sürətlə davam etdirilir.
Layihə üzrə keçidin uzunluğu 38.4 metr, daxili eni 3.3 metr, pilləkənlərin eni 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid orta dayaqlı metal konstruksiyadan ibarətdir. İki giriş-çıxışlı olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Hazırda keçiddə məhəccər və pilləkənlərin tikintisi aparılır. Ümumilikdə tikinti-quraşdırma işləri 85% başa çatdırılıb.
Belə ki, avtomobil yolunun hər iki tərəfində piyada keçidinin dayaqları quraşdırılıb, metal konstruksiyanın quraşdırılma işləri aparılıb.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Qeyd edək ki, tədbirlər planına uyğun olaraq Agentlik tərəfindən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-lik hissəsində də yeni piyada keçidinin inşası aparılır.
YOLUNUZ AÇIQ OLSUN...