İmişli rayonunda Ağsu-Kürdəmir-Bəhrəmtə avtomobil yolunun 71-ci km-dən ayrılan Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam edir.
Ümumilikdə 5 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin istifadə etdiyi sözügedən yollar ümumi uzunluğu 43.5 km olmaqla IV teniki dərəcəyə uyğun inşa edilir. Yolların hərəkət hissəsinin eni müvafiq olaraq 6, ümumi eni ortalama 10 metr təşkil edəcək.
Uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən torpaq əsaslı sözügedən yollar yararsız vəziyyətdə idi. Bu isə payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu.
Yenidənqurma işlərinə ilk olaraq layihənin uzunluğu 24 km təşkil edən Ağamalılar hissəsindən başlanılıb. Artıq yolun bu hissəsində torpaq işləri, yararsız qruntun qazılması, bitki qatının çıxarılması, çay daşlarından istifadə edərək yol yatağının layihə səviyyəsinə qaldırılması və genişləndirilməsi işləri aparılıb. Ardıcıllığa uyğun olaraq hazırda yol yatağının, yol əsasının alt və üst layının tikintisi icra olunur.
Ağamalılar yolu üzrə işlər yekunlaşdıqdan sonra layihənin 5 km-lik Məmmədli hissəsində tikinti işlərinə start veriləcək.
Layihə çərçivəsində suların ötürülməsi üçün mövcud suötürücü boruların təmiri, yeni boruların quraşdırılması, yolun Ağamalı və Əliyetməzli kəndləri ərazisində mövcud avtomobil körpülərinin təmiri də nəzərdə tutulub.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun olaraq aparılır, əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Avtomobil yolunun yenidən qurulması yaşayış məntəqələrinə rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına şərait yaradacaq.
YOLUNUZ AÇIQ OLSUN...