İki yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilib VİDEO/FOTO

17 Mart 2023- 10:13

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Agentlik tərəfindən bu çərçivədə daha iki layihənin icrası yekunlaşıb

Belə ki, M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-dəM4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2 km-lik hissəsində yerüstü piyada keçidlərinin inşası yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib. 

Keçidlərin istifadəyə verilməsi mərasimlərində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Əvəz Qocayev, Hüsnü Quliyev, agentliyin digər vəzifəli şəxsləri, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov  iştirak ediblər.

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də inşa edilən yerüstü piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 37.5 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Keçidin layihəsi çərçivəsində Bakı şəhəri istiqamətində uzunluğu 50 metr olan istinad divarı da tikilib. 

Agentlik tərəfindən M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2-ci km-lik hissəsində inşa olunan piyada keçidinin isə uzunluğu 30 metr, hərəkət hissəsinin eni 3.5 metr təşkil edir. Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır. 

Keçidlərdə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb, bu da fasiləsiz nəzarətə imkan yaradır.

Bundan başqa hər iki keçidin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacaqlarının quraşdırılması və ətrafın abadlaşdırılması işləri görülüb.

Qeyd edək ki, piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

 

YOLUNUZ AÇIQ OLSUN...