Şamaxı rayonunda Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.
Əsasən qara və çınqıl örtüklü olan avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olunmadığından torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır. Bu səbəbdən yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac var idi.
Hazırda üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolu IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Ümumi uzunluğu 4 km olan yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.
Layihə çərçivəsində yolboyu hazırda torpaq işləri, qazma, əks-dolğu və köhnə örtüyün frezlənməsi işləri icra olunur. Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq yenidənqurma işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...