İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası işlərinə cəlb edilən işçi heyət tərəfindən təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, onların mina hadisəsindən qorunması, partlayıcı sursatlarla bağlı risqlərin azaldılması məqsədilə zəruri tədbirlərin görülməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları üçün Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən "Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə" təlimi keçirilib.
Ermənistanla həmsərhəd rayonlarda yerləşən tabeli qurumlarda və Agentliyin podratçı təşkilatlarında mina və partlayıcı sursatların təhlükəsizliyinə cavabdeh olan 32 nəfər vəzifəli şəxs təlimdə iştirak edib və onlara “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə Şəhadətnaməsi” təqdim olunub.
Təlimdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub.
Təlim iştirakçıları əyani vəsaitlərlə təmin edilib.
Bundan başqa iştirakçılara təhlükəsizlik nişanları, işarələri, mina və sursatların növlərini, ümumi əlamətlərini əks etdirən maarifləndirici və xəbərdaredici broşürlər və posterlər, eləcə də əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçası təqdim olunub.