M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17-ci km-dən ayrılan respublika əhəmiyyətli M-5 (17)-Kərimli avtomobil yolunun Oğuz hissəsinin yenidən qurulması işlərinə start verilib.
Yenidən qurulan hissənin uzunluğu 10 km-dir və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yolun hərəkət hissəsi 7, hər istiqamət üzrə çiyinlərin eni 2.5 metrdir.
Əsasən yararsız asfalt və qara örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.
Hazırda layihə çərçivəsində torpaq işləri yerinə yetirilir, yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağı inşasına hazırlıq aparılır.
Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilir.
Layihə üzrə Sarısu çayı üzərində 30 metrlik körpünün təmiri də icra olunur.
Qeyd edək ki, M-5 (17)-Kərimli avtomobil yolunun 21 km uzunluğa malik Şəki rayonu ərazisinə aid hissəsində hazırda aşınma qatının yenilənməsi işləri aparılır. Sözügedən hissə 2018-ci ildə Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tərkib hissəsi kimi yenidən qurulub.
Sözügedən yolda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunur.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəkləri və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN...