Şəki rayonu Kiş çayı üzərindən müvəqqəti yol salındı – VİDEOREPORTAJ / FOTOLAR

6 İyul 2016- 00:00
11 Şəki rayonu Kiş çayı üzərindən müvəqqəti yol salındı – VİDEOREPORTAJ / FOTOLAR

           Şəki-Kiş avtomobil yolunun 1-ci kilometriliyində, Kiş çayı üzərindən müvəqqəti yolun salınması istiqamətində işlər tam olaraq yekunlaşdırılıb.

 

            Bununla da Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olunub.

 

            Kiş çayının məcrasına yerləşdirilən 12 paqon-metr uzunluğunda suötürücü dəmir-beton boruların üzərindən xüsusi texnikanın köməyi ilə yeni yol hissəsi salınıb. Müvəqqəti yol 4 metr enindədir.

 

            Bütün işlər birbaşa olaraq “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında əraziyə cəlb olunmuş lazımi sayda canlı qüvvə və texnika vasitəsi ilə qısa müddət ərzində və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

 

            Artıq Kiş çayı üzərində yerləşən və sel suları nəticəsində dağılmış körpünün bərpa edilməsi istiqamətində hazırlıq işləri görülür. Bunun üçün hazırda layihə-smeta sənədləri hazırlanır, ərazidə geoloji-kəşfiyyat işləri aparılır.

 

            Xatırladaq ki, iyul ayının 3-ü gecə saatlarında Şəki rayonu ərazisində yerləşən yerli əhəmiyyətli Şəki-Kiş avtomobil yolunun 1-ci kilometriliyində, Kiş çayı üzərində yerləşən iki aşırımlı avtomobil körpüsünün orta dayağını dağlardan gələn lil-sel kütləsi yuyub aparmış, nəticədə körpünün hər iki aşırımı uçduğundan Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi tamamilə kəsilmişdir. Kiş çayında dağlardan gələn lil-palçıq tullantılarının qalınlığı təxminən 1-1,5 metr idi.

 

            Təbii fəlakətin baş verdiyi əraziyə dərhal “Azəravtoyol” ASC-nin mütəxəsisləri və ağır texnikası cəlb olunmuşdu. Avtonəqliyyat vasitələrinin rayon mərkəzi ilə əlaqəsi yalnız Oxud yolundan istifadə etməklə mümkün idi ki, bu yolun da uzunluğu təxminən 10 kilometrdir.

           

            Qeyd edək ki, iki aşırımlı (2 x 31m) avtomobil körpüsünün ümumi uzunluğu 74 metr, qabariti isə 8,4 metr idi.