Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsinin əsaslı təmiri işləri yekunlaşıb.
Uzunluğu 3.8 km təşkil edən avtomobil yolunun sözügedən hissəsinin eni müvafiq olaraq 8-16 metr olmaqla dəyişir.
Uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan yolun sözügedən hissəsində asfalt-beton örtüyündə deformasiyalar və qabarmalar əmələ gəlmişdi. Bu isə öz növbəsində vətəndaşların rahat gediş-gəlişini təmin etmirdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan əsaslı təmir işləri ilə problem aradan qaldırılıb.
Belə ki, yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri həyata keçirilib. Bundan başqa “İnşaat Norma və Qaydaları”na əsasən yol boyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri, yeni yol əsasının inşası icra olunub, lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib.
Əsaslı təmir işləri çərçivəsində zəruri yerlərdə hər iki istiqamət üzrə eni 2.5 metr olmaqla piyada səkilərinin inşası həyata keçirilib, yararsız səki daşları yenilənib.
Sonuncu mərhələ üzrə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb.
YOLUNUZ AÇIQ OLSUN...