Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir.
1b texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 28 km, hərəkət hissəsinin eni 22.5 m, ayrıcı zolağın eni 4 m, hərəkət zolaqlarının sayı 6-dır.
Layihə üzrə müxtəlif (əsasən boş) ərazilərdə hissə-hissə aparılan tikinti işləri “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə icra olunur.
Tikilən yolun əhəmiyyətini nəzərə alaraq sözügedən avtomobil yolunun layihələndirilməsi və tikintisi hissə-hissə aparılır.
Yolboyu ilkin olaraq 9 yol qovşağı, 3 avtomobil keçidi və 3 piyada keçidinin tikintisi nəzərdə tutulur.
Hazırda layihə çərçivəsində yolun 7 km-lik hissəsində torpaq işləri, 8-ci km-də qazma işləri aparılır. Tikintinin 8-15-ci km-lik hissəsində geoloji axtarış, layihələndirmə işləri icra olunur.
Layihənin 15-16-cı km-lik hissəsində Masazır gölü ətrafında yol qovşağının tikintisinə start verilib. Yol qovşağı üzrə hazırda, yanaşma yollarında və ramplarda torpaq yatağının tikintisi icra olunur.
Yolun 16-18-ci km-lik hissəsində torpaq işləri yekunlaşıb, hazırda bu hissədə dolğu işləri və yol əsasının alt layının tikintisi aparılır. Layihənin 18-20-ci km-lik hissəsində drenaj işləri, 20-28-ci km-lik hissəsi üzrə isə geoloji axtarış və layihələndirmə işləri davam edir.
Bu yolun tikintisi Abşeron yarımadasının şimal-şərq hissəsindəki yaşayış məntəqələrini Mərdəkan - Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan -M4 avtomobil yolu ilə Bakı şəhərinə daxil olmadan Bakı - Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməyə, eləcə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yoluna çıxmaqla Respublikamızın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcəkdir.