Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun yenidən qurulması davam edir VİDEO/FOTO

28 Aprel 2023- 14:02

Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Yenidənqurma işləri çərçivəsində əsasən 27 km uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə edir. Torpaq əsaslı yol sözsüz ki, kəndlər arasında nəqliyyat əlaqəsini çətinləşdirir, gediş-gəlişdə problemlərə səbəb olurdu. Əsaslı şəkildə bərpasına ehtiyac olan yolun eni 7 metrə qədər genişləndirilib. 

Ərazidə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi işləri icra olunub.  

Tikinti işləri çərçivəsində suların ötürülməsini təmin edən suötürücü dəmir-beton boruların bərpası və inşası yekunlaşmaq üzrədir. 

“İnşaat Norma və Qaydaları”na uyğun texnoloji ardıcıllıqla həyata keçirilən işlər çərçivəsində hazırda yol əsasının tikintisi icra olunur, ardınca isə 2 laydan ibarət yeni asfalt-beton örtüyü salınacaq. 

Layihənin sonunda yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanlarının, km göstəricilərinin və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görüləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

 

YOLUNUZ AÇIQ OLSUN...