Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamı

1 May 2023- 16:36
11 Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında

Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon (iki milyon doqquz yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2023-cü il