Metronun "Neftçilər" stansiyasının qarşısındakı yolda hərəkət bərpa olunub - VİDEO / FOTO

14 İyul 2016- 00:00
11 Metronun

         

          Təmir işləri ilə əlaqədar olaraq bir müddətdir ki, bağlanan Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində (Dakar meydanı) ötən gün avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

 

          Sözügedən hissədə ötən son tamamlanma işləri, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb. İşlər bitən kimi metronun Neftçilər stansiyasının qarşısındakı hissə vətəndaşların istifadəsinə verilib.

 

           Bu gün səhər saatlarından etibarən isə prospektin Şirin Mirzəyev (Q.Qarayev metrosu) və Rüstəm Rüstəmov (Neftçilər metrosu) küçələri arasında yerləşən köməkçi yolda təmir işlərinə başlanılıb. Bu üzdən köməkçi yol qısa müddətlik avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. Köməkçi yolun uzunluğu 750 metr, eni isə 12 metrdir.

 

           Qeyd edək ki, Qara Qarayev prospekti 6 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 24 metrdir. İndiyədək prospektin Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında yerləşən təqribən 1,2 km-lik hissəsi yüksək səviyyədə təmir edilib. Burda 2 qat olmaqla 30 min m2 sahədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

 

           Bundan başqa piyada səkiləri bərpa olunaraq asfaltlanıb, yol boyu yeni səki daşları düzülüb, avtobuslar üçün cibli dayanacaqlar tikilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırlaraq baxış qapaqları yenilənib, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilərək yağış barmaqlıqları yenisi ilə əvəzlənib, 1 metr enində yeni yol ayrıcı tikilib, zəruri olan yerlərə yol nişanları qoyulub və piyada zolaqları salınıb.