Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü km-dən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam edir.
Ümumi uzunluğu 38 km olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilir.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 27 yaşayış məntəqəsində yaşayan 51 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur
Layihə üzrə yolun Ləngan (1.4 km), Əhmədli (1.4 km) hissələri üzrə torpaq işləri və yol əsasının alt layının vurulması işləri icra olunub. Təklə-Mollahəsənli (2 km) hissəsində isə torpaq işləri və yol əsasının alt layının tikintisi bitib.
Yolun Həsənli-Köçəkli (6.9 km) hissəsində hazırda torpaq işləri, suötürücülərin inşası və yol əsasının tikintisi işləri aparılır.
Layihənin Qədirli-Xallıcalı (3 km) hissəsində torpaq işləri, yol əsasının alt layının tikintisi yekunlaşıb, suötürücülərin inşası isə son mərhələdə olmaqla davam edir.
Yolun Təklə-Viləş (9 km) hissəsində hazırda yol əsasının alt layı inşa olunur. Qeyd edək ki, layihənin bu hissəsi III və IV texniki dərəcəyə uyğun olaraq tikilir.
Hüseynhacılı-Öncəqala (9 km) hissəsində ardıcıllığa uyğun olaraq torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi və asfaltlanma işləri yekunlaşıb. Sözügedən hissədə müxtəlif ölçülü 13 dəmir və 13 dəmir-beton suötürücü boru tikilib.
Aparılan işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də icra olunacaq.
“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
YOLUNUZ AÇIQ OLSUN...