Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrasına start verilib.
Uzunluğu 42 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Yolun 30 km uzunluğa malik Xanməmmədli–Xol Qarabucaq–Xəzər hissəsi yararsız asfalt örtük, uzunluğu 12 km təşkil edən Qaçaqkənd–Qırmızıkənd hissəsi isə torpaq əsasdan ibarət idi.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılır, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülür.
Yolun yararsız asfalt-beton örtükdən ibarət olan hissəsində isə hazırda yararsız örtüyün sökülməsi işləri aparılır.
Layihə çərçivəsində yolun Qaçaqkənd, Qırmızıkənd və Xol Qarabucaq hissələrində mövcud körpülərin təmiri də nəzərdə tutulub.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların, boru başlıqlarının və istinad divarlarının tikintisi işləri icra olunacaq.
Layihənin sonuncu mərhələsində yola yeni asfalt-beton örtüyünün döşənməsi, hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
YOLUNUZ AÇIQ OLSUN...