Paytaxtın Nərimanov rayonunda İsa bulağı küçəsi təmir olunub

24 May 2023- 08:53

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində İsa bulağı küçəsinin  təmiri yekunlaşıb. 
 
Təmir işləri sözügedən küçənin Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinə qədər olan 240 metrlik hissəsində icra olunub.
 
Ortalama eni 7 metr təşkil edən küçədə təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 690 p/metr səki və bordür daşlarının yenilənməsi, 890 kv.metr piyada səkilərinin bərpası işləri yerinə yetirilib. 
 
Küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı şəkildə aparılıb. Yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri yekunlaşdıqdan sonra qazılmış hissədə əks-dolğu işləri icra olunaraq və küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib. 
 
Təmir işləri çərçivəsində küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də aparılıb. 
 
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yerlərdə yol nişanlarının quraşdırılması və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 
 
 
YOLUNUZ AÇIQ OLSUN...