Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolunun yenidən qurulması davam edir VİDEO/FOTO

8 İyun 2023- 09:12

Şamaxı rayonunda 3 yaşayış məntəqəsini birləşdirən Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolunun yenidən qurulması  davam edir.

Əsasən qara və çınqıl örtüklü olan avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olunmadığından torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır. Bu səbəbdən yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac var idi.

 IV texniki dərəcəyə uyğun təkmilləşdirilən avtomobil yolunun ümumi uzunluğu 4 km, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.

Layihə çərçivəsində yolboyu torpaq işləri, qazma, əks-dolğu və köhnə örtüyün frezlənməsi işləri icra olunub. Texnoloji ardıcıllığa uyğun şəkildə yol əsasının tikintisi yerinə yetirilib. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. 

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq yenidənqurma işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

YOLUNUZ AÇIQ OLSUN...