Sel suları yol infrastrukturuna və yol qurğularına ziyan vurub MƏLUMAT

8 İyun 2023- 14:56
11 Sel suları yol infrastrukturuna və yol qurğularına ziyan vurub

6 iyun tarixində ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax, Qəbələ, Daşkəsən, Ağstafa, Quba, Qusar, İsmayıllı, Şəki rayonları ərazisində bir-neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranmışdı. 

Belə ki, güclü külək və yağış nəticəsində Qax – İlisu - Sarıbaş, Qəbələ - Küsnət - Laza, Daşkəsən - Əmirvar, Quba - İspik - Xınalıq, Qusar - Əniğ – Laza, İsmayıllı - Lahıç, Baş Göynük - Baş Şabalıd və Ağstafa - Poylu - Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yollarında ağacların yollara aşması, sel sularının yolları yuması və özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşmüş, suötürücü borular sıradan çıxmışdır. Bununla da yol infrastrukturuna və yol qurğularına ziyan dəymişdir. 

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq ölkə ərazisində müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin qeyd olunan rayonlar üzrə Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən hadisə baş verdiyi andan etibarən tədbirlər görülüb, ərazilərə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub. Təxirəsalınmaz tədbirlər nəticəsində yollar boyu təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib

Qeyd edək ki, Qax-İlisu-Sarıbaş avtomobil yolunun 500 metr çiyin hissəsini və Qəbələ-Küsnət-Laza avtomobil yolunun 1200 metr hissəsində yol yatağını sel suları yumuş və yolların bir hissəsi yararsız hala düşmüşdür. Bundan başqa sel suları Qax rayonunun Aşağı Malax-Qaşqaçay-Armudlu avtomobil yolunun Qaşqaçay üzərindən keçən, həmçinin Şəki rayonun Baş Göynük-Baş Şabalıd avtomobil yolunun 14-cü km-də yerləşən Quruçay üzərindən keçən hissələrində suötürücü boruları tamamilə yuyub aparmışdır. Agentlik tərəfindən alternativ yollarla sözügedən istiqamətlərdə hərəkət bərpa olunmuşdur. Hazırda qeyd olunan ərazilərdə təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində addımlar atılmaqdadır. 

YOLUNUZ AÇIQ OLSUN...