Daşkəsən rayonu ərazisində bir-neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırılıb

14 İyun 2023- 13:11

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonu ərazisində bir-neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb. 

Belə ki, intensiv yağıntılar nəticəsində Respublika əhəmiyyətli  Daşkəsən-Gəncə (10-15-ci km-lər), yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çovdar-Çaykənd Dəstəfur-Qıyıxlı avtomobil yollarında sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşmüş, suötürücü borulara ziyan dəymişdir. 

Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi  dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “31 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. 

Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Qeyd edək ki, sözügedən yollar nəzarətdə saxlanılır.  

 

YOLUNUZ AÇIQ OLSUN...