Leysan yağışları Daşkəsəndə fəsadlar törədib

23 İyun 2023- 12:12

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Daşkəsən rayonu ərazisində fəsadlara səbəb olub.
 
Belə ki, leysan xarakterli yağışlar nəticəsində Respublika əhəmiyyətli  Daşkəsən-Gəncə, yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-QabaqtəpəZağalı-Kollu-Çıraqlı avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və iri qaya parçaları tökülüb, suötürücü borulara ziyan dəyib. 
 
Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi  dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “31 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. 
 
Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Qeyd edək ki, sözügedən yollar nəzarətdə saxlanılır, dağlardan gələrək yolun hərəkət hissəsinə tökülən iri qaya parçaları və palçıq kütləsinin təmizlənməsi istiqamətində aparılan işlər davam edir.