Binə qəsəbəsinin Əli İsazadə küçəsi yenidən qurulur - VİDEOREPORTAJ / FOTOLAR

22 İyul 2016- 00:00
11 Binə qəsəbəsinin Əli İsazadə küçəsi yenidən qurulur - VİDEOREPORTAJ / FOTOLAR

           

            Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Əli İsazadə küçəsinin ( “Südçülük sovxozu” deyilən əraziyə gedən yol ) yenidən qurulmasına başlanılıb.

 

            Uzun müddətdir ki, təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan yolun uzunluğu 4,5 km-dir. Sözügedən yolun həm də ensiz olması avtonəqliyyat vasitələrinin hərəkətində xeyli çətinliklər yaradırdı.

 

            Bütün bunlar nəzərə alınaraq Əli İsazadə küçəsinin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 22 metrə qədər genişləndirilir. 4 hərəkət zolaqlı olması nəzərdə tutulan yolun hərəkət hissəsinin eni 1 metr enində ayrıcı zolaq da daxil olmaqla 17 metr olacaq. Yol boyu hər iki itiqamət üzrə vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2 metr enində piyada səkiləri tikilir.

 

            Sutkanın qaranlıq saatlarında hərəkətin normal təşkili üçün yol boyu müasir işıqlandırma sistemi də qurulacaq. Bundan başqa layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılacaq.

 

            Hazırda yolda kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri görülür, yol yatağı və yol əsasının tikintisi işləri aparılır. Bu işlərə paralel olaraq küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə 80 min m2 əraziyə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

 

            Bütün işlər yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

 

            Əli İsazadə küçəsinin yenidən qurulması işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.