Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir.
Magistral yol layihəsinin tikintisi 5 hissə üzrə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
Qeyd edək ki, magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə (layihə üzrə 0-29.9 km) tikinti işləri sona çatdırılıb. Layihə üzrə körpü və yol ötürücüsü, yolaltı keçid, müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında beton baryerlərin tikintisi, həmçinin ödəmə məntəqələrinin və yol avadanlıqlarının quraşdırılması üzrə işlər başa çatdırılıb (aşınma layı 150 km yolun bütün hissələrində işlər yekunlaşandan sonra inşa ediləcəkdir).
Yeni magistral yolda aparılan işlər çərçivəsində 23.5 km-lik 2-ci (layihə üzrə 29.9-53.5 km) və 20 km-lik 3-cü (layihə üzrə 53.5-73.5 km) hissələr üzrə torpaq yatağının tikintisi, süni qurğularda, körpülərdə və yol qovşaqlarında tikinti-quraşdırma, yol geyiminin əsas laylarının tikintisi işləri yerinə yetirilib. Yolun 29.9-60 km hissəsində hər iki istiqamət üzrə asfalt-beton örtüyünün döşənməsi işləri də yekunlaşıb. 60-73.5 km hissəsində isə yol əsasının, süni qurğuların və körpü keçidlərinin tikintisi işləri başa çatıb, aşınma qatı istisna olmaqla asfalt-beton işləri yekunlaşıb.
Magistralın 18.5 km-lik 4-cü (layihə üzrə 73.5-92 km) hissəsi üzrə tikinti işləri davam etdirilir. Hal-hazırda sözügedən hissədə yol əsasının, yolötürücü və drenaj boruların, körpülərin tikintisi işləri başa çatıb aşınma qatı istisna olmaqla asfalt-beton örtüyündə son tamamlanma işləri həyata keçirilir.
Yeni magistralın 58 km-lik 5-ci (layihə üzrə 92-150 km) hissəsi üzrə tikinti işləri tam olaraq yekunlaşdırılıb. Bu hissədə suötürücü və drenaj qurğular, alt və ehtiyat keçidləri, yol geyimi tikintisi, yol avadanlıqları və mühafizə çəpərlərinin quraşdırılması, nişanlama və işıqlandırma işləri tamamlanıb.
Yeni inşa edilən 150 km-lik magistralda yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü borular inşa edilib.
Bununlada H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolun ümumi uzunluğu 150 km, eləcə də Bakı şəhərindən Samur sərhəd-keçid məntəqəsinə olan məsafə 195 km təşkil edir, bu da mövcud yolun 13 km azalması ilə nəticələnir.
Ümumilikdə layihə üzrə 6 ödəmə məntəqələri və nəqliyyat vasitələrinin dayanması üçün dayanacaq meydançaları tikilməkdədir. Qeyd edək ki, ödəmə sisteminin quraşdırılması beynəlxalq standartlara uyğun, müasir texniki avadanlıqlarla və beynəlxalq proqram təminatı ilə həyata keçirilir.
Layihədə hər hansı maneənin avtomobil yoluna çıxmasının qarşısını almaq, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, ekoloji və ətraf mühitin qorunması tədbirləri yolboyu icra edilir.
Cari ildə tikintisinin yekunlaşdırılması planlaşdırılan yeni magistral avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq.
YOLUNUZ AÇIQ OLSUN...