Salyan rayonunda 33 km uzunluğa malik yollar yenidən qurulur VİDEO/FOTO

12 İyul 2023- 16:07

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Salyan rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının yenidən qurulması layihəsinin icrası davam etdirilir.  Sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 33 km təşkil edir. 

Layihə çərçivəsində işlər qeyd olunan kənd yolları üzrə növbəli şəkildə həyata keçirilir. Belə ki, hazırda işlər layihənin Boranıkənd, Dayıkənd, Sarvan və Şorsulu kəndləri hissəsində aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.

Yolların eni 8.5-9 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 1-1.5 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

5.5 km hissəsi yararsız asfalt, 27.5 km hissəsi isə torpaq əsasdan ibarət olan yollarda layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılır, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır.

Layihənin 4.5 km uzunluğa malik Boranıkənd hissəsi üzrə 3.3 km-də sadalanan işlər, yol əsasının tikintisi və ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb. Sözügedən yolun 1.2 km-lik hissəsində aparılan torpaq işləri yekunlaşmaq üzrədir.

Layihənin ümumi uzunluğu 5.5 km təşkil edən Dayıkənd və Sarvan kəndləri hissələr-ində torpaq işləri, yararsız qruntun qazılması, torpaq yatağının genişləndirilməsi, yol əsasının tikintisi yekunlaşıb. 3 km hissədə asfalt örtüyünün alt qatının döşənməsi işləri sona çatıb.

2.5 km uzunluğa malik Şorsulu kəndi hissəsində isə torpaq işləri və yol əsasının inşası icra olunub, artıq bu hissədə yolun asfaltlanma işlərinə start verilib.

Layihə üzrə kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud metal və dəmir-beton boruların bərpası zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır.

Layihə üzrə işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan avtomobil yollarının yenidən qurulmasında məqsəd yolboyu yaşayan 16 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaq və bununla da iqtisadiyyatın inkişafına təkan verməkdir.

Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanı və avtobus dayanacaqların quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

YOLUNUZ AÇIQ OLSUN…