1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna yeri var. Həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Bu baxımdan Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli Lider bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.
Ötən əsrin 60-cı illərində Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Ulu Öndər Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. Belə ki, 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildi. Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur. Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi təyin olunduğu il tarixində yeni dövrün, Azərbaycanın sosial-iqtisadi həyatında inkişafın bünövrəsi qoyuldu. 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxış imperiya rəhbərliyini təşvişə salmışdı. Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il plenumunda Azərbaycanın gələcək inkişafının strateji istiqamətləri müəyyənləşdirildi. Bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması, ittifaq ölkəsində böyük hadisəyə çevrildi. Ölkədəki acınacaqlı vəziyyət, əhalinin məmurlar tərəfindən əsassız olaraq incidilmə hallarının, rüşvət və korrupsiyanın qarşısının alınması üçün mühüm tədbirlər hazırlandı.
O dövrlərdə bütün yaşayış məntəqəsində – şəhərlərdə, qəsəbə və kəndlərdə əhalinin mənzil-məişət şəraiti kökündən yaxşılaşdırıldı. Hazırlanan strateji proqrama əsasən, 1970-ci illərdə bütün Azərbaycan əzəmətli tikinti meydanına çevrildi. Ümumiyyətlə, ölkənin hər yerində infrastruktur yaradıldı, yeni xidmət sahələri açıldı. Ümummilli Lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bugününü qururdu. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın hər bir yerində nəhəng layihələr, yenidənqurma işləri həyata keçirilirdi.
ÖLKƏNİN GƏLƏCƏK İNKİŞAF STRATEGİYASINA HESABLANMİŞ İSLAHATLAR
1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyev bütün sahələrdə yüksək ixtisaslı kadrların yetişdirilib hazırlanması məsələsinə böyük diqqət və qayğı göstərdi. Bu kadrların böyük əksəriyyətini respublikanın özündə hazırlamaq məqsədilə o, ali və orta ixtisas müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirdi. Onların yeni binalar və avadanlıqlarla təchiz olunmasını təmin etdi.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi, səyi nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi məktəbin açılması Azərbaycanın həyatında çox mühüm bir hadisə oldu. Ulu Öndər Heydər Əliyevin milli tərəqqi - Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı yolundakı tarixi xidmətlərinin təhlili göstərir ki, mənəvi-ideoloji və siyasi prinsipə xidmət edən siyasi islahatların aparılması ölkənin gələcək inkişaf strategiyasına hesablanıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri kimi Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin, 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə azərbaycanlının yüksək ixtisaslı mütəxəssis kimi hazırlanması həyata keçirilmişdir. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər Moskvanın aparıcı ali məktəblərinə təhsil almağa göndərildi.
XALQIN QURTULUŞ YOLU
Xalqımızın Ümummilli Lideri, Dahi Şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi Onu bütün dünya azərbaycanlılarının Liderinə çevirib. Bütün ömrünü canından artıq sevdiyi xalqına, ölkəsinə həsr edən Ulu Öndər Heydər Əliyev tariximizdə müstəqilliyimizin Memarı və Qurucusu olaraq adını əbədiləşdirib. Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti dövlətin gələcək həyatının inkişafına hesablanmışdır. Belə ki, Ulu Öndər Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. O, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərərək fundamental uğurlara imza atıb. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Məhz 15 İyun xalqımızın tarixinə böyük əhəmiyyət daşıyan günlərdən biri - Milli Qurtuluş Günü kimi daxil olmuşdur. 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur və həmin tarixdən ölkəmizin yeni bir dövrü başlanıb. O dövrə nəzər salarkən baş verən hadisələrin xalqı, bütövlükdə, uçuruma sürüklədiyinin şahidi oluruq. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Ulu Öndərin məqsədyönlü siyasəti ilə Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Dahi Şəxsiyyət xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev Şəxsiyyətinin bəhrəsidir. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu Sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.
MÜASİR MÜSTƏQİL AZƏRBAYCANIN SEÇDİYİ STRATEJİ YOL MİLLİ MARAQLARA VƏ XALQIN ALİ İRADƏSİNƏ ƏSASLANIR
Bu gün Azərbaycanın bütün sahələrində Ulu Öndər Heydər Əliyevin böyüklüyü görünür. Onun Şəxsiyyəti, məhz əməllərini yaşadan Azərbaycanın, bütövlükdə panoramasında özünü göstərir. Müasir həyatımızda Azərbaycana marağın artması Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib. Prezident İlham Əliyevin imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini və insanların rifahının yüksəlməsini təmin edib. 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub.
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağı edərək qələbə qazanması tariximizə yeni gün olaraq daxil edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Prezident İlham Əliyevin dediyi kimi, O, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunmaqdadır.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth edir. Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Ulu Öndər Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır.