M 1 magistral avtomobil yolunun bir hissəsində aparılan təmir-bərpa işləri davam edir VİDEO/FOTO

14 Avqust 2023- 14:21

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun paytaxt Bakıdan Şabran rayonu istiqamətində aparılan təmir-bərpa işləri davam edir. 

Təmir-bərpa işləri magistral yolun 52-119.5 km-də 3 hissədə aparılır. Təmir-bərpa işləri magistral yolun 52-53.5, 100-102.5 və 107-108.2-ci km-lik hissələrini əhatə edir.

Hazırda sözügedən hissələr üzrə  beton örtüyün sökülməsi və kənarlaşdırılması, yararsız materialların qazılması və kənarlaşdırılması, karxana materiallarının daşınması və sərilməsi işləri görülür.

Qeyd edək ki, yay fəsli olması və bu istiqamətdə nəqliyyat axının intensivliyi nəzərə alınaraq, həmçinin təmir işlərinin magistral yolla hərəkət edən vətəndaşlara yaşada biləcəyi diskomfortu azaltmaq məqsədilə işlər ərazilər üzrə hissə-hissə olmaqla icra olunur.  

 
İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib. 
 
Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb. 
 
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. 
 
Təmir-bərpa işləri ilə əlaqədar yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.
 
YOLUNUZ AÇIQ OLSUN...