Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yaşıllıqlara aqrotexniki qulluq göstərilib VİDEO/FOTO

22 Avqust 2023- 14:53

Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi, artırılması, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planının icrasının təmin edilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yollarının mühafizə zolağında yaşıllıqların salınması və  bərpası məqsədilə aparılan işlər sürətlə davam etdirilir.

Bu istiqamətdə Agentliyin  Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin xidməti ərazisi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 35,0 - 40,0-cı km-də 8500 ədəd şam ağacı və digər yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Belə ki, torpaqda yumşaltma işləri aparılıb, alaq otları və kollar sahədən götürülüb, yaşıllıqlar suvarılıb və mineral gübrə ilə yemləmə, habelə xəstəlik və zərərvericilərdən mühafizə üzrə profilaktik və fitosanitar mübarizə tədbirləri icra olunub. 

Qeyd edək ki, bu tədbirlərin vaxtlı-vaxtında və aqrotexniki müddətlərdə aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və normal inkişaf etməsinə şərait yaradır. Yaşıllıqlara qulluğun müddəti, üsulu və təkrar olunması bitmə şəraitində yetişdirilən ağac və kol cinslərinin bioloji xüsusiyyətindən, torpaq hazırlığı üsulundan, yaşıllıqların yaradılması metodundan və əkin materialının ölçüsündən asılı olaraq müəyyən edilir.

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yollarının ayırıcı və mühafizə zolaqlarındakı yaşıllıqlara aqrotexniki qaydalara uyğun qulluq edilməsi, yeni yaşıllıqların salınması, mühafizəsinin gücləndirilməsi tədbirləri  mütamadi olaraq həyata keçirilir.


YOLUNUZ AÇIQ OLSUN