Sel suları Şəkidə yol infrastrukturuna və yol qurğularına ziyan vurub MƏLUMAT

30 Avqust 2023- 12:23

Ötən gün Şəki rayonuna yağan güclü yağış nəticəsində yaranan sel suları Aydınbulaq-Aşağı Daşağıl avtomobil yolunun müxtəlif kilometrlərində yolun hərəkət hissəsinə xeyli miqdarda qum-çınqıl, lil materialı gətirib, yolun bəzi hissələri və suötürücü borulara ziyan dəyib.

Belə ki, yolun 13-16-cı km-də Şirinbulaq kəndindən gələn sel suları yolun 15-ci km-də yerləşən suötürücü borunu tamamilə palçıq, lil, qum-çınqılla doldurmuş və sel suyu yolun üzərindən aşaraq Əlyar kəndinin daxili yollarını bərbad vəziyyətə salmışdır. 

Aşağı Daşağıl kəndi ərazisində yolun 250 metrlik hissəsində (əsasən yolun 13-16-cı km-də ) çiyin hissələri tamamilə yuyulmuş, asfalt örtükdə hissə-hissə dağıntılar meydana gəlmişdir. 

Şirinbulaq və Təpəcənnət yollarında suötürücü borular 80 % lil və qum-çınqılla dolmuşdur.

Dərhal təbii fəlakət baş verən ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Aparılmış təxirəsalmaz tədbirlər nəticəsində yollarda yaranmış problemlər aradan qaldırılıb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub. 

Qeyd edək ki, hadisə baş verən andan etibarən əməkdaşlarımız fasiləsiz olaraq ərazilərdə xidmətlərini davam etdirir, təbii fəlakət səbəbindən avtomobil yollarında yaranmış fəsadların aradan qaldırılması davam etdirilir.

YOLUNUZ AÇIQ OLSUN…