Yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı Prezidentin Sərəncamı

5 Sentyabr 2023- 14:00
11 Yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı

Yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Xudafərin ‒ Qubadlı ‒ Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20,0 (iyirmi) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 sentyabr 2023-cü il