Sel suları Şəkidə yol infrastrukturuna ziyan vurub

7 Sentyabr 2023- 15:43

Qeyri-sabit hava şəraiti Şəki rayonu ərazisində fəsadlara səbəb olub.

Yağan güclü yağış nəticəsində yaranan sel suları rayonun yol infrastrukturuna və yol qurğularına ziyan vurub. 

Y-55-36 (18 km)Baş Göynük avtomobil yolunun 10-12-ci km-də sel suları ciddi fəsadlar törətmişdir. Belə ki, sözügedən avtomobil yolunun 11-ci km-də uzunluğu 169 metr olan  Şinçay üzərində körpüdə və körpünün giriş-çıxışlarında leysan yağışları nəticəsində sel sularının gətirdiyi lil, palçıq, qum-çınqıl və daş-qaya parçaları çayın hövzəsindən qalxaraq körpünü, yolu basmış və avtonəqliyyatın hərəkətini çətinləşdirmişdir. 

Yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. 

Aparılan işlər çərçivəsində yoldan sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl  təmizlənib, açılmış yarğanlar bərpa olunub, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.


Hal-hazırda yolda təmizləmə işləri davam etdirilir.

 

YOLUNUZ AÇIQ OLSUN...